İQTİSADİYYAT
“İslahatlar İcmalı”nın xüsusi buraxılışı Rəqəmsal Ticarət Qovşağına həsr olunub
Bakı, 29 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın iyun buraxılışı (Azərbaycan, ingilis və rus dillərində) Rəqəmsal Ticarət Qovşağına (RTQ) həsr edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, icmalın bu sayında RTQ-nin həm investorlar, həm də biznes sahibləri üçün yaratdığı imkanlar - E-biznes, E-ixrac təşviqi, E-imza, E-rezident, hüquqi şəxsin onlayn qeydiyyatı, E-ödəniş, E-sənəd, transsərhəd əməliyyatları və imzaların qarşılıqlı tanınması, vahid onlayn ixrac ərizəsi, sərbəst satış sertifikatı, gömrük bəyannamələrinin doldurulması və sair barədə ətraflı məlumatlar öz əksini tapıb. Həmçinin, RTQ-nin əməkdaşlıq əlaqələri, imzalanmış memorandumlar və bu əməkdaşlıqlar nəticəsində RTQ-nin fəaliyyət sahəsinin genişləndirilməsini əks etdirən xəritə təqdim olunub.
İcmalın xüsusi buraxılışında Rəqəmsal Ticarət Qovşağının Azərbaycanda və xarici ölkələrdə təqdim olunması, müxtəlif ekspertlərin rəyləri, dünya təcrübəsi ilə müqayisəli təhlili və üstünlükləri də xüsusi buraxılışda yer alıb.
Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb.
“Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın Rəqəmsal Ticarət Qovşağına dair xüsusi buraxılışı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2018/iyun/DTH__AZE.pdf