ELM VƏ TƏHSİL
İslahatlar şəraitində elmi-tədqiqat fəaliyyətinin yeni xüsusiyyətləri müzakirə olunub
Bakı, 27 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda “İslahatlar şəraitində elmi-tədqiqat fəaliyyətinin yeni xüsusiyyətləri, vəzifələri və prioritetləri” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxışında bu məsələnin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini deyib. O, elmi fəaliyyət sahəsində dövlət siyasətinin prioritetləri olan elmi və innovasiya potensialından səmərəli istifadənin təmin edilməsi və gücləndirilməsi, innovasiya və yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi, elmi fəaliyyətin dünya standartlarına uyğunlaşdırılması, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi, elmin davamlı və sistemli inkişafının təmin edilməsi məsələləri haqqında məlumat verib. Elmi-tədqiqat fəaliyyətinin prioritet məsələlərinin əhəmiyyətini vurğulayıb.
Şöbənin əməkdaşı, böyük elmi işçi Roza Şahverdiyeva elmi-tədqiqat fəaliyyətinin istiqamətləri, elmi müəssisələr və təşkilatların fəaliyyət və inkişaf istiqamətləri, elmin inkişaf prioritetləri haqqında məlumat verib. O, elmi fəaliyyət subyektləri, fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental tədqiqatlar, elmi fəaliyyətin növləri və istiqamətləri, elmşünaslıq, elmi fəaliyyətin subyektləri və iştirakçıları, elmi strukturlar, institutlar, müəssisə və təşkilatlar və s. haqqında danışıb.
Məruzəçi elmin inkişafının əsas məqsədi və vəzifəsini, elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifələrini, elm haqqında ölkə qanunvericiliyinin əsaslarını şərh edib. Elmi fəaliyyətin informasiya təminatının təkmilləşdirilməsi üçün elmi-texniki informasiyalara sərbəst çıxışın əldə olunması, informasiya mübadiləsinin həyata keçirilməsi, informasiya mərkəzləri, fondlar və sistemlərin yaradılması, elmi fəaliyyət subyektlərinin elm, texnika, beynəlxalq innovasiya informasiya fondları və mərkəzləri ilə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib. Həmçinin elmi-innovativ nəticələrin çap olunması, nüfuzlu xarici elmi jurnallar, kitab və digər elmi-texniki materialların əldə edilməsinə şəraitin yaradılması, elmi arxivlərin maddi-texniki baza və infrastrukturunun yaradılması, elmi informasiya bankından səmərəli istifadə edilməsi və s. kimi işlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonra dosent Ə.Əliyev bu istiqamətdə aparılan araşdırmaların, elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılmasının daha da dərinləşdirilməsinin vacibliyini qeyd edərək təklif və tövsiyələrini səsləndirib.