SİYASƏT


İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Qahirə, 27 fevral, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, İƏT-in Baş Katibliyinin yaydığı bəyanatda Baş katib Yusif bin Əhməd Osayminin bu dəhşətli qətliamda həlak olanların xatirəsini yad etdiyi bildirilib. Baş katib qeyd edir ki, Xocalıda törədilmiş kütləvi qırğın Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasının nəticəsidir. Bununla əlaqədar 2013-cü ildə Qahirədə keçirilmiş İslam ölkələrinin XII Zirvə görüşünün Yekun Bəyannaməsinin 117-ci bəndində və 2020-ci il noyabrın 27-28-də İƏT Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niame şəhərində keçirilən VII sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı 51/47-S saylı qətnamədə Azərbaycanın işğal edilmiş Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən əməllərin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı olduğu vurğulanıb.

Bu ağrılı hadisə ilə əlaqədar Baş katib Xarici İşlər Nazirləri Şurasının Ermənistanla Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət, suverenliyinə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş standartları və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun siyasi yolla həllinə çağıran qərarını təsdiq edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.