İQTİSADİYYAT
İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı ödəniş kartı infrastrukturunun davamlı fəaliyyəti təmin olunacaq
Bakı, 6 may, AZƏRTAC
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçiriləcəyi günlərdə paytaxt daxil olmaqla, respublikanın bütün regionlarında quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyəti təmin olunacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq, yarışların dövründə ödəniş kartı infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması məqsədilə profilaktik tədbirlərin keçirilməməsi və sistem yeniliklərinin aparılmaması banklara tövsiyə olunub.
Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə idman komplekslərində və ətraf ərazilərdə, habelə şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daim işlək vəziyyətdə olması və bankomat şəbəkəsinin nağd pul vəsaitləri ilə təchiz edilməsi banklar tərəfindən mütəmadi qaydada monitorinq olunacaq.