İDMAN
İslam Həmrəyliyi Oyunlarında vəzifələrinin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıb
Bakı, 25 may, AZƏRTAC
Ölkəmizdə yüksək səviyyədə təşkil olunan, böyük təntənə ilə keçirilən və idmançılarımızın parlaq qələbəsi ilə başa çatan IV İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini vermiş Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları ilə görüş keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edərək tarix yazması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və dəstəyi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının dövlətimizin gücünün və iqtisadi qüdrətinin növbəti tərənnümünə çevrilməsi xüsusilə vurğulanıb.
Görüşdə IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qəbul edən sərhədçilərin vəzifələrinin öhdəsindən layiqincə gəldikləri qeyd edilib.
Mötəbər idman yarışında 162 medalla 54 ölkə arasında birinci olan Azərbaycan yığma komandasının tərkibində “Sərhədçi” idman klubunun üzvlərinin 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmasının sərhədçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.
Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıblar.