İQTİSADİYYAT
İslam Həmrəyliyi Oyunlarının bağlanış günü Bakının yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq VİDEO
Bakı, 20 may, AZƏRTAC
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakının yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 20-də keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
Qeyd olunub ki, həmin gün Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq. Həmin ərazilərdən istifadə edən sürücülər Aeroport istiqamətinə getmək üçün Balaxanı yolundan, yaxud da Zığ yolundan istifadə etməklə aeroport yoluna çıxa bilərlər.
Tamaşaçılar bağlanış mərasimini izləmək üçün Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər.
M.Ağayev nəzərə çatdırıb ki, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə tamaşaçılar (saat 17-00-dən 20.00-dək) 3 ekspress xətti üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra da tamaşaçılar ekspress xətt üzrə 3 istiqamətə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq.
Agentliyin şöbə müdiri onu da vurğulayıb ki, bağlanış mərasimi zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması ödənişsiz olacaq. “Taksilərin isə Olimpiya Stadionuna yaxınlaşmasına icazə verilməyəcək və həmin ərazidə tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün də parklanmaya icazə verilmir. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan istifadə etməlidirlər”.
Bundan başqa, Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, ictimai nəqliyyatın hərəkəti də dəyişəcək.
M.Ağayev deyib ki, oyunların bağlanış mərasimində avtobusların da sayı artırılacaq. Belə ki, onların sayı 430-a çatdırlacaq, eyni zamanda ehtiyatda da əlavə nəqliyyat vasitələri saxlanılacaq. Avtobuslar tamaşaçıların daşınmasını təmin etmək məqsədilə gecə saat 2-dək fəaliyyət göstərəcək.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları keçirilən günlərdə yol hərəkəti qaydalarına əməl etmədiklərinə - sarı zolaqlarla hərəkət qaydalarını pozduqlarına görə indiyədək 1000-dən çox sürücü inzibati məsuliyyətə cəlb edilib.
K Əliyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi maarifləndirilmə işləri aparılıb. Eyni zamanda, Bakıda əvvəlki illərdə də keçirilən nüfuzlu beynəlxalq yarışlarda sürücülər xeyli təcrübə qazandığından paytaxt yollarında ciddi problemlər yaşanmayıb.