MƏDƏNİYYƏT
İslam Mədəniyyəti Paytaxtı çərçivəsində Qətərdə həyata keçiriləcək tədbirlər müzakirə edilib
Qahirə, 27 yanvar, AZƏRTAC
2021-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilmiş Dohada həyata keçiriləcək tədbirlər İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) və Qətər Əlaqələndirmə Komitəsi arasında keçirilən videokonfransda müzakirə olunub.
ICESCO-nun baş ofisindən AZƏRTAC-a bildiriblər ki, Qətər tərəfi İslam Mədəniyyəti Paytaxtı çərçivəsində təşkil ediləcək tədbirlərin proqramını təqdim edib. Dohada keçiriləcək tədbirlərdə dövlət strukturları və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin fəal iştirak edəcəyi vurğulanıb. Qətər tərəfi tədbirlərin inauqurasiya mərasimini martın 8-də keçirməyi təklif edib və qeyd edib ki, İslam Mədəniyyəti Paytaxtı çərçivəsində beynəlxalq sərgi, incəsənət festivalları və mədəniyyət həftələri ICESCO ilə koordinasiya şəraitində təşkil ediləcək.
Tədbirin sonunda mədəniyyət proqramları və beynəlxalq tədbirlərə hazırlığın vəziyyətini müzakirə etmək üçün ICESCO ilə Qətər arasında hər həftə əlaqələndirmə qrupunun iclasını keçirmək qərara alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə