SİYASƏT


İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının büro üzvü olan AZƏRTAC ərəb mediası ilə əməkdaşlığı genişləndirmək istəyir VİDEO

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan ilə ərəb dövlətləri arasında çox yaxşı, ənənəvi dostluq əlaqələri var. İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının büro üzvü olan AZƏRTAC ölkələrimiz və xalqlarımızın bu səmimi münasibətləri fonunda ərəb mediası ilə əməkdaşlığı daha da genişləndirmək istəyir.

Bu fikir ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti ilə oktyabrın 27-də AZƏRTAC-da keçirilən görüşdə səslənib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqlara agentliyin tarixi, strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın 21 xarici ölkədə, o cümlədən ərəb ölkələrində xüsusi müxbir məntəqəsi fəaliyyət göstərir.

İdarə Heyətinin sədri bu günlərdə Bakıda böyük uğurla keçirilən VI Beynəlxalq Humanitar Forumdan, burada müzakirə olunan məsələlərdən danışaraq bildirib ki, bu Forum dünyanın görkəmli alimlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin, ekspertlərin, iqtisadçıların, jurnalistlərin bir araya gəlib dünyanı narahat edən müxtəlif mövzuları geniş müzakirə etməsi ideyasından qaynaqlanıb və ötən müddətdə özünü tam doğruldub. Təqdirəlayiqdir ki, Bakı forumlarında ərəb ölkələri, xüsusən ərəb mediası bir qayda olaraq geniş nümayəndə heyəti ilə təmsil olunur.

VI Bakı Beynəlxalq Humanitar Forumunun “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyasına toxunan Aslan Aslanov feyk xəbərlərin yeni çağırışlar, problemlər və təhdidlər doğurduğunu vurğulayıb. Bildirib ki, bu, müasir media, dünya üçün çox böyük bəlaya çevrilib. Bir sıra ölkələr və xalqlar, o cümlədən Azərbaycan yalan xəbərlərdən əziyyət çəkir. Müəyyən qüvvələr tərəfindən qızışdırılan informasiya müharibəsinin müasir dövrümüzdə qlobal xarakter alması narahatlıq doğurmaya bilməz. Odur ki, dünya jurnalistləri, xüsusən ənənəvi media yalan xəbərlərin qarşısının alınmasında fəal iştirak etməli, yanlış məlumatlandırma siyasətinə qarşı etiraz səslərini daha qətiyyətlə ucaltmalıdır.

Sonra İdarə Heyətinin sədri nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Ərəb ölkələrinin media təmsilçiləri görüşdə İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqı və onun fəaliyyəti barədə fikirlərini bölüşüb, AZƏRTAC-ın bu təşkilatın işində fəal iştirakından məmnunluqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycanda gördükləri, xüsusən buradakı tolerant mühit, Bakının gözəlliyi, hər addımda müşahidə olunan inkişaf onlarda zəngin təəssürat yaradıb.

Söhbət əsnasında bildirilib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə dəyərli töhfələr verir, islamofobiya hallarına qarşı kəskin mövqe tutur. Ərəb ölkələrinin media təmsilçiləri bu sahədə AZƏRTAC-ın da xüsusi rolunu qeyd edərək İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının onunla sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.