İQTİSADİYYAT
İslam Oyunlarının açılış mərasimində ekspress xətt üzrə 17 mindən çox tamaşaçı daşınıb
Bakı, 15 may, Elvin Camalov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində ekspress xətt üzrə ümumilikdə 17 min 489 tamaşaçı daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi günü əvvəlcədən nəzərdə tutulan üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. Mayın 12-də nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 353 (159 perronlar üzrə, 194 ehtiyat ərazi) nəqliyyat vasitəsi cəlb olunub.
M.Ağayevin sözlərinə görə, həmin avtobuslardan X1 xətti ilə 45 nəqliyyat vasitəsi perron üzrə, 50 avtobus ehtiyata, X2 xətti ilə 46 nəqliyyat vasitəsi perron üzrə, 64 avtobus ehtiyata, X3 xətti ilə isə 68 nəqliyyat vasitəsi perron üzrə, 80 avtobus ehtiyata yerləşdirilib. Açılış mərasimi zamanı 17 min 489 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 9320 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb.
"X1 xətti üzrə 116 avtobus ilə 5513 sərnişin stadiona gətirilib, 64 avtobus ilə 3351 sərnişin stadiondan daşınıb. X2 xətti üzrə 123 avtobus ilə 7229 sərnişin stadiona, 68 avtobus ilə 3060 sərnişin stadiondan, X3 xətti üzrə isə 127 avtobus ilə 4297 sərnişin stadiona, 58 avtobus ilə 2909 sərnişin stadiondan daşınıb. Əlavə olaraq 8 avtobus ilə 450 nəfər Polis Akademiyasının müdavimi daşınıb. Terminala cəlb edilən avtobusların reysqabağı texniki vəziyyəti yoxlanılıb, 155 nəfər sürücünün isə reysqabağı tibbi müayinədən keçməsi təmin edilib. 4 nəfər sürücü təzyiqi yüksək olması səbəbindən xətdən kənarlaşdırılıb", - deyə M.Ağayev vurğulayıb.
O qeyd edib ki, İ-Qafqaz firmasına məxsus 10 TH 211 dövlət qeydiyyat nişanlı avtobus X3 xətti üzrə hərəkət edərkən sürət həddini aşdığına görə sürücü xətdən kənarlaşdırılıb və avtobus ehtiyat əraziyə yerləşdirilib.