CƏMİYYƏT
İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Prezident yanında Bilik Fondu ilə birlikdə İslam Universitetində 6 Aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş maarifləndirici mühazirə təşkil edib.
Səhiyyə Nazirliyinın mətbuat xidməti AZƏRTAC-a xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin əməkdaşı tələbələrə fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin orqanizm üçün vacibliyini vurğulayaraq passiv həyat tərzi ucbatından yaranan xəstəliklər və onların risk amillərindən bəhs edib. Qeyd olunub ki, müasir dövrün tələblərinə uyğunlaşaraq vaxtın çoxunu oturaq şəraitdə keçirənlər gündəlik fəaliyyətlərində fiziki aktivliyə çox az yer ayırırlar. Belə həyat tərzi yaş və sağlamlıq durumundan asılı olmayaraq orqanizmdə müəyyən problemlər yaradaraq müxtəlif xəstəliklərin əmələ gəlməsinə, aktiv həyat tərzi isə ürək-damar sistemi, skelet və əzələ toxumasının möhkəmləndirilməsinə, qeyri-infeksion xəstəliklər riskinin azaldılmasına səbəb olur. İSİM-in sağlamlığın qorunması naminə həyata keçirdiyi işlər barədə qısa məlumat da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş mühazirə gənclərin sağlam həyat tərzi haqda məlumat əldə etmələrinə yönəldilib.
Tədbirin sonunda iştirakçılar İSİM tərəfindən hazırlanmış fiziki aktivliyin faydalarından bəhs edən maarifləndirici materiallarla tanış olublar, daha sonra mütəxəssislər onları maraqlandıran suallara cavablar veriblər.