ELM VƏ TƏHSİL
İslam birlik və barış dinidir
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik Evinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran qəsəbəsində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirildiyi 130 nömrəli Naradaran tam orta məktəbinin direktoru Ağasəyid Cəbrayılov “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbirlərin təşkilinin məqsədəuyğun olduğunu bildirib. Vurğulanıb ki, Nardaran ziyalılarının belə tədbirlərə həvəslə qatılması bir daha islamın birlik və barış dini olduğunu göstərir.
Nardaranın tarixini və bu gününü əks etdirən slaydın nümayişindən sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək, ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. İ.Vəliyev Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq” fikirlərinə diqqət çəkib. Natiq təmsil etdiyi qurumun “İslam Həmrəyliyi İli” ilə bağlı İslam dəyərlərinin təbliğinə, İslamın başqa dinlərlə münasibətinə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair təbliğat-təşviqat işlərini uğurla apardığını deyib. Dövlət başçısının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbənin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamları xatırladan İ.Vəliyev yerli əhalinin də dövlətin bu diqqət və qayğısını yüksək dəyərləndirdiyini bildirib.
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “İslam dini və həmrəylik məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Komitənin baş məsləhətçisi Orxan Maşayev “Nardaran və nardaranlılar kitabı – ensiklopedik toplu” haqqında məlumat verib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda iştirakçılar Nardaran Pirini ziyarət edərək yerli ağsaqqallarla görüşüblər.
Bilik Fondunun nümayəndələri Nardaran məscidinə 50 adda müxtəlif kitab hədiyyə ediblər.