REGİONLAR
İslam dini terrora və ekstremizmə qarşıdır
Masallı, 19 iyul, Bağır Əliyev, AZƏRTAC
İslam dini terrorizmə həmişə “yox” deyib. Bu gün müsəlman ölkələrində baş verən silahlı münaqişələr, həm də İslam dininə qarşı yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Masallı rayonunun Köçəkli kənd məscidinin dini icmasının “Dinimiz və mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “İslam dini terrora qarşı” mövzusunda keçirdiyi tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, dinimiz mənəvi dəyərlərimizin tərkib hissəsi kimi öz saflığını qorumaqla yanaşı, bütün zərərli vərdişlərə, terrora, ekstremizmə qarşı olub.
Qeyd edilib ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində mülki əhalinin və mülki obyektlərin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, digər mülki şəxs Səlminaz Quliyevanın ağır yaralanması erməni vandalizminin həyata keçirdiyi etnik təmizləmə və terror aktlarının davamıdır.
DQİDK-nın əməkdaşı Vüqar Hümmətov isə çıxışında ölkəmizin İslami dəyərlərə verdiyi yüksək qiymətdən söz açıb.
Tədbirdə Köçəkli kənd məscidi dini icmasının sədri Əfrahil Xəlilov, kənd ağsaqqalı Yəhya Mirzəyev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda iştirakçılara DQİDK tərəfindən nəşr olunmuş dini ədəbiyyat paylanılıb.