ELM VƏ TƏHSİL


“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” simpoziumuna tezis qəbulu başa çatır

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Türkiyənin Kırıkkale Universitetinin təşkilatçılığı ilə aprelin 16-17-də Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq simpoziuma tezis qəbulu sabah başa çatır.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, simpoziuma təqdim olunan tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və elektron poçt ünvanı göstərilməlidir. Yazının əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir. Tezisin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində [email protected] elektron ünvana göndərilməlidir.

Tezislər İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, onu gücləndirən və qarşısında duran amillər, ona töhfə verən nümunəvi şəxsiyyətlər, İslam tarixində birgəyaşayışa dair nümunələr, fanatizm və təkfir kontekstində müsəlmanlıq anlayışının birgəyaşayışa mənfi təsirləri və digər bu kimi mövzuları əhatə etməlidir.

Xatırladaq ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı imkanları müəyyənləşdirmək, müsəlman cəmiyyətlərindəki təcrübədən istifadə etməklə bu sahədə mütəxəssis və tədqiqatçıların verdikləri töhfəni üzə çıxarmaqdır. Həmçinin ölkələrarası birgəyaşayış təcrübəsindən müasir dövrdə istifadə imkanını və bu təcrübənin gələcək rolunu müəyyənləşdirmək və təşviq etmək, İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatların artmasına töhfə vermək, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha möhkəm olmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.