İslam ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir
AzerTAg.az

Bakı, 30 yanvar, AZƏRTAC
İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması və inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Bu, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin nazirlərinin müxtəlif görüşlərinin və Fələstin üzrə konfransların təşkili, İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Birliyi kimi yeni təsisatların yaradılması təşəbbüsləri ilə təsdiqlənir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi, COVID-19 pandemiyası zamanı müsəlman ölkələrinə maliyyə və humanitar yardımın göstərilməsi də Azərbaycanın İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş səyləridir.
AZƏRTAC xəbər verir ki, bunu Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdə Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında çıxışı zamanı səsləndirib.
Milli Məclisin sədri deyib ki, islamofobiyaya qarşı açıq şəkildə çıxış edən Azərbaycan bir çox ölkələrdə sülh və mərhəmət dini olan İslamın həqiqi mahiyyətini nümayiş etdirən və İslam mədəniyyətini təbliğ edən konfrans və sərgilər təşkil edib. Həmçinin 2008-ci ildə İƏT-ə və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlayan "Bakı Prosesi" və sonradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınıb.
Sədr vurğulayıb ki, İslam ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı və qarşılıqlı dəstəyi səsimizin beynəlxalq səviyyədə eşidilməsinə imkan yaradır. İslam ölkələrinin Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini dəstəklədiyini qeyd edən Sahibə Qafarova bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə İslam dünyasının maraqlarına cavab verən bir sıra təkliflər irəli sürüb və onları reallaşdırıb ki, bunların sırasında terrorizmlə mübarizə üzrə beynəlxalq konfrans, BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi üzrə yüksək səviyyəli görüş kimi tədbirləri göstərmək olar.
Xəbərin mətnində orfoqrafik səhv var