CƏMİYYƏT
“İslam sivilizasiyası qlobal proseslər müstəvisində” mövzusunda seminar keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında “İslam sivilizasiyası qlobal proseslər müstəvisində” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev seminarda çıxış edərək Azərbaycanın dünyada İslam həmrəyliyinə böyük önəm verdiyini söyləyib. O vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi də bunun bariz göstəricisidir. Azərbaycan müsəlman dünyasında böyük nüfuza sahib olan ölkədir və beynəlxalq müstəvidə də İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bu baxımdan böyük əhəmiyyət kəsb edir. Oyunlarda 50-dən çox ölkə iştirak edir və bu mötəbər tədbir islami dəyərlərin təbliği baxımından da geniş imkanlar açır.
Şəmsəddin Hacıyev qeyd edib ki, İslam dini ümumilikdə dünyada mütərəqqi din kimi qəbul edilir. Amma bəzi qüvvələr İslam dinini gözdən salmağa cəhd göstərirlər. Həm IV İslam Həmrəyliyi Oyunları, həm də “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə keçirilən digər tədbirlər belə qüvvələrin məkrli fəaliyyətlərinə tutarlı cavabdır. Hazırda ölkəmizin hər yerində İslam həmrəyliyi mövzusunda müxtəlif tədbirlər təşkil edilir.
YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev bu gün Azərbaycanın İslam mədəniyyətini dünyada təbliğ etmək üçün çox böyük işlər gördüyünü, islamofobiya ilə, radikalizmlə ciddi mübarizə apardığını bildirib. O qeyd edib ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün dövlətimizin başçısının irəli sürdüyü önəmli təşəbbüsdür. Bu təşəbbüsün İslam aləminin bir çox problemlərlə, çağırışlarla üzləşdiyi bir zamanda irəli sürülməsi xüsusi önəm kəsb edir.
Seminarda digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər.