SİYASƏT
İslamabad şəhərinin meri Bakı ilə birbaşa əlaqələrin yaranmasında maraqlı olduqlarını bildirib
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə İslamabad şəhərinin meri Şeyx Anser Aziz ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər haqqında söhbət açılıb, qardaşlıq əlaqələrinin yaranmasında və möhkəmlənməsində ölkə rəhbərlərinin xüsusi rolunun olduğu bildirilib.
Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən İslamabad şəhərində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin, həmçinin iki ölkə arasındakı digər tədbirlərin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Ermənistanın ölkəmizə qarşı təcavüzü haqqında məlumat verən səfir Əli Əlizadə işğal edilmiş qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini-mədəni abidələrin, məscid və ziyarətgahların dağıdıldığını və təhqirə məruz qoyulduğunu diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin dövlət və xalq tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.
İki ölkə arasında əlaqələrin daha da inkişafına, möhkəmlənməsinə xidmət edən müxtəlif mədəni, elmi, təhsil, turizm, humanitar və sosial yönümlü layihələrin İslamabad şəhərində davam etdirilməsi və həyata keçirilməsinə hazır olduqlarını bildirən Şeyx Anser Aziz qardaş Azərbaycanın Bakı və digər şəhərləri ilə İslamabad şəhəri arasında birbaşa əlaqələrin yaranmasında maraqlı olduqlarını bildirib.