SİYASƏT
İslamabadda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfrans keçirilib
İslamabad, 1 dekabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə İslamabadda “Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü, Azərbaycan-Pakistan münasibətləri” mövzusunda konfrans keçirilib.
Konfransda Pakistanın ticarət naziri Xürrəm Dastgir Xan, ictimai-siyasi xadimlər, diplomatlar, Preston, Rifah universitetlərinin rektorları, tanınmış iş adamları, aparıcı turizm şirkətlərinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra “Azərbaycan müstəqilliyinin bərpasının 25 ili ərzində” adlı videoslayd nümayiş etdirilib.
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi Mehman Novruzov Azərbaycan dövlətçiliyinin tarixi, ölkəmizin keçdiyi çətin və şərəfli müstəqillik yolu, iqtisadi inkişafı, turizm potensialı, hərbi nailiyyətləri, zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərpası və qorunub saxlanılması sahəsindəki xidmətləri, habelə Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə və sonrakı illərdə qazanılan uğurlar, aparılan sosial-iqtisadi islahatlar barədə danışıb.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət və təxribatları, ölkəmizin ərazilərinin işğal edilməsi haqqında məlumat verən səfir Pakistanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyimizi dəstəklədiyinə, Azərbaycanın yanında olduğuna görə təşəkkür edib.
Ə.Əlizadə Azərbaycanın da Pakistanı tam dəstəklədiyini, Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllinin vacib olduğunu bildirib. O, Azərbaycan-Pakistan münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu, xalqlarımız arasında yaxın bağlılıqların mövcudluğunu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial-humanitar layihələrin Azərbaycan-Pakistan dostluğunun təzahürü olduğunu diqqətə çatdırıb.
Preston Universitetinin rektoru Abdul Basit qədim mədəniyyətə malik Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkənin bir çox sahələrdə əldə etdiyi uğurlardan danışıb, Bakıda səfərdə olarkən bunu şəxsən gördüyünü diqqətə çatdırıb. Rektor mühəndislik, texnologiya və digər sahələrdə azərbaycanlı tələbələrin Pakistan universitetlərində təhsil almasının faydalı olduğunu, rəhbərlik etdiyi universitetdə 10 azərbaycanlı tələbəyə pulsuz təhsil imkanı yaradıldığını bildirib.
Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Pakistan Baş naziri Nəvaz Şərifin təbriklərini çatdıran Xürrəm Dastgir Xan ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Nəvaz Şərifin Davosdakı görüşündə iştirakından danışıb, ticarət və investisiyanın artırılması üçün hər iki tərəfin təşəbbüslərinə diqqətlə baxılmasının vacib olduğunu bildirib. Qeyd edib ki, dekabr ayının əvvəlində Azərbaycana nəzərdə tutulan səfərində dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi, biznes dairələri arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə ediləcək. Heydər Əliyev Fondunun Pakistanda 2005-ci ildən başlayaraq davam edən humanitar layihələrinin qardaşlığın göstəricisi olduğunu vurğulayan nazir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi işlərə görə təşəkkür edib, ölkəsinin Azərbaycanın strateji iqtisadi tərəfdaşı olduğunu diqqətə çatdırıb. O, Azərbaycan-Pakistan dostluğunun yüksələn xətlə davam edəcəyinə əminliyini bildirib.
Sonra konfransda Azərbaycanın sosial-iqtisadi inkişafı, turizm potensialı və mədəniyyətinə dair müxtəlif videoçarxlar nümayiş etdirilib, iştirakçılara ölkəmizlə bağlı materiallar təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad