SİYASƏT


İslamabadda Azərbaycanla bağlı onlayn təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

İslamabad, 16 oktyabr, AZƏRTAC

Pakistanlı gənc tədqiqatçılar Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, ölkə həqiqətləri haqqında məlumatların yayılmasına böyük maraq göstərirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Pakistanda keçirilən və Azərbaycan müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunmuş “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramının sertifikatlarının təqdim olunması mərasimində səsləndirilib.

Tədbirdə Pakistanın Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzinin (CGSS) prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cefri, qurumun icraçı direktoru Xalid Teymur Əkrəm, bu ölkənin ictimaiyyət və KİV nümayəndələri, təcrübə proqramının mühazirəçiləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək bu proqramın iştirakçılarına Azərbaycanla bağlı məlumatları birbaşa təcrübəli elm xadimlərindən, diplomatlardan, hərbi mütəxəssislərdən almağa imkan yaratdığını bildirib. Səfir tədqiqatçıların Azərbaycanla bağlı bir sıra məqalələr dərc etdiyini bildirib, ölkəmizə dair məlumatların Pakistanın geniş oxucu kütləsinə çatdırıldığını söyləyib.

Səfir təcrübə proqramının Azərbaycanın tarixi, mədəniyyəti, təhsili, elmi, xarici siyasəti, iqtisadiyyatı, müdafiə və hərbi potensialı, Pakistanla əlaqələri, ortaq bağlılıqları, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti haqqında mövzuları əhatə etdiyini bildirərək, onun pakistanlı gənc tədqiqatçılarda Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat bazasının və müsbət fikirlərin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb.

Əli Əlizadə, həmçinin Ermənistanın bu ilin iyulunda Azərbaycana qarşı həyata keçirdiyi təxribatlardan sonra başlanan bu proqramın pakistanlı gənclərin həmin hadisələr barədə birbaşa məlumat əldə etmələrinə imkan yaratdığını bildirib.

Diplomat gənc tədqiqatçıların mövzu ilə tanış olduğu üçün Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq ölkəmizə qarşı son təxribatçı hücumlarını da asanlıqla analiz edə bildiyini, Ermənistanın vəhşilikləri, Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları və torpaqlarımızın işğalı barədə təqdimatlar keçirdiyini, məqalələr yazaraq yayılmasına çalışdıqlarını diqqətə çatdırıb, buna görə tədqiqatçılara, eləcə də mühazirəçilərə təşəkkürünü bildirib.

Seyid Xalid Əmir Cefri tədbirdə çıxış edərək təcrübə proqramı haqqında fikirlərini bölüşüb, əməkdaşlığa və dəstəyə görə Azərbaycanın Pakistandakı səfirliyinə təşəkkürünü çatdırıb. Seyid Xalid Əmir Cefri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü və təxribatlarını pisləyib, eləcə də hər zaman Azərbaycan hökumətinin və xalqının yanında olduqlarını bildirib. CGGS-in prezidenti, həmçinin Ordumuzun artıq bir sıra yerləri erməni işğalından azad etdiyini vurğulayaraq, Azərbaycanın zəbt olunmuş bütün torpaqlarının ən qısa zamanda azad olunmasını arzuladığını bildirib.

Tədbirdə çıxış edən mühazirəçilər və tədqiqatçılar da təcrübə proqramı barədə öz xoş təəssüratlarını ifadə edib, Azərbaycanla bağlı geniş məlumatlar barədə fikirlərini bölüşüblər. Onlar, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından söz açaraq, bu təcavüzü pisləyib və ölkəmizə dəstəklərini ifadə ediblər.

Tədbirin sonunda təcrübə proqramının mühazirəçilərinə və iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.