İQTİSADİYYAT


İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci iclası keçirilib.

Dövlət gömrük komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev təqdimatla çıxış edərək Azərbaycan iqtisadiyyatında, eləcə də gömrük sahəsində son illər əldə olunan uğurlardan bəhs edib.

Komitə sədri öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 2002-ci ildə İstanbulda keçirilən 7-ci sammitindəki nitqindən misal çəkərək xatırladıb ki, Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirməyin və birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edərək, bunun regionda yoxsulluq səviyyəsinin aşağı salınması üçün zəruriliyini vurğulayıb.

Azərbaycanın əlverişli coğrafi ərazidə yerləşdiyini, Asiya və Avropa arasında logistik mərkəz olduğunu diqqətə çatdıran Aydın Əliyev buradan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin keçdiyini bildirib. Komitə sədri Azərbaycanda son illər logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin həyata keçirildiyini, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb.

Bu il oktyabrın sonunda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji əhəmiyyətli bir layihə olduğunu da söyləyən DGK sədri qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı tapşırıqlarına əsasən, enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərdən asılılığın azaldılması məqsədilə son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti həyata keçirilir. Belə ki, Azərbaycan dünya bazarını enerji daşıyıcıları ilə təchiz edən ölkələrdən biridir və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bu tendensiya daha dəqiq və konkret forma alıb. Bu ilin son 9 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,5 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Aydın Əliyev son illər Azərbaycanda gömrük sahəsində müxtəlif istiqamətlərdə aparılan islahatlara da toxunaraq qeyd edib ki, Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyası ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəlib və bu istiqamətdə köklü islahatlar həyata keçirilib.

Komitə sədri deyib ki, Azərbaycanın gömrük orqanları xarici ticarət iştirakçıları ilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirir. Azərbaycan Gömrük Xidmətinin rəsmi internet səhifəsində yaradılan xidmətlər xarici iqtisadi fəaliyyət iştirakçılarına malları və nəqliyyat vasitələrini gömrük orqanlarına əvvəlcədən bəyan etməyə, eləcə də gömrük rəsmiləşdirilməsi üçün müraciət, şikayət və təkliflər bildirməyə və sair imkan verir. Hazırda Komitənin internet saytında 15 gömrük xidməti elektron formada təqdim olunur. Bu xidmət tətbiq edildiyi vaxtdan indiyədək mallar üzrə təxminən 1,5 milyon elektron gömrük bəyannaməsi təqdim olunub.

Aydın Əliyev çıxışında “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqindən də bəhs edərək bu sistemlərin tətbiqi sayəsində idxal-ixrac əməliyyatlarının sadələşdirildiyini, bunun da, öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsində mühüm rol oynadığını bildirib.

Məlumat verilib ki, ölkə ərazisində investisiya fəaliyyətinin genişləndirilməsi, əlverişli biznes mühitinin yaradılması, sənaye istehsalının həcminin artırılması, daxili bazarın qorunması, həmçinin milli istehsal həcminin artırılması üçün 2016-cı ildə dövlət başçısı tərəfindən investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalanıb və investisiyaların təşviqi haqqında sənədin verilməsi qaydası təsdiq olunub. Bununla əlaqədar, investisiyaların təşviqi haqqında sənəd almış şəxslər və fərdi sahibkarların ölkəyə idxal etdiyi texnoloji avadanlıq və qurğular 7 il müddətinə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilir. Analoji imtiyazlı şərtlər 7 il müddətinə həmçinin - qeydiyyatdan keçdikləri andan etibarən sənaye məhəllələri və texnologiya parklarının rezidentlərinə, o cümlədən sənaye məhəllələri və texnologiya parklarının tikintisi, elm-tədqiqat və təcrübə-konstruktor işlərində tətbiq məqsədilə texnika, texniki avadanlıq və qurğular idxal edən fərdi sahibkarlara da təqdim olunur.

Daha sonra diqqətə çatdırılıb ki, Şərq və Qərbin coğrafi kəsişməsində yerləşən Azərbaycan Respublikası, təəssüf ki, narkotik və psixotrop maddələrin tranziti üçün də cəlbedici marşrutdur. Qaçaqmalçılar Azərbaycan ərazisindən keçən əlverişli nəqliyyat kommunikasiyaları şəbəkəsindən istifadə edərək Avropa və dünyanın digər hissələrinə narkotik keçirməyə çalışır. Ən müasir avadanlıq və gömrük nəzarəti sistemləri ilə təchiz olunan Azərbaycan gömrük orqanları mütəxəssis-kinoloq və təlim keçmiş itləri cəlb edərək və analitik və operativ fəaliyyət göstərərək narkotiklərin qanunsuz daşınması cəhdlərinin qarşısını uğurla alır.

Nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatlarından sonra iclasda “İqtisadi Əməkdaşlıq Təşkilatının Qaçaqmalçılıq və Gömrük Cinayətlərinə dair Məlumat Bankının yaradılması və fəaliyyəti üzrə Saziş”ə qoşulma ilə bağlı son nailiyyətlər barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında gömrük məlumatlarının elektron mübadiləsi və üzv ölkələrin gömrük xidmətlərinin vəzifəli şəxsləri üçün təlim kurslarının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

İclasda həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük ekspertlərinin alt-komitəsinin hesabatına baxılıb, tez xarab olan malları daşıyan yük avtomobillərinin və konteynerlərin sərhədlərdən yüksək üstünlüklə və fasiləsiz keçidini sürətləndirmək üçün İƏT üzv ölkələri tərəfindən təmin edilən imkanlar və “İqtisadi Əməkdaşlıq Təşkilatı və Ümumdünya Gömrük Təşkilatı arasında gömrük məsələlərində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və iclasın hesabatı qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.