MƏDƏNİYYƏT


İslamabadda “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir VİDEO

İslamabad, 24 oktyabr, AZƏRTAC

İslamabadın ən böyük “Centaurus” ticarət mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhalinin məqsədli şəkildə raket atəşinə tutulması nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini anmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən aksiyada erməni terrorunu özündə əks etdirən posterlər, şəkillər və şüarların yer aldığı guşə nümayiş etdirilir.

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi Ermənistanın xain üzünü açmaqdan, şəhər və kəndlərimizin raket atəşinə tutulması, evlərində yatmış mülki əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi haqqında Pakistan ictimaiyyətinə məlumat verməkdən ibarətdir.

Hər gün orta hesabla 35 min adamın gəldiyi bu ticarət mərkəzində quraşdırılan böyük ekranda Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilən çoxsaylı raket hücumlarının acı nəticələri nümayiş olunur.

Pakistanın bir sıra rəsmi şəxsləri, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və səfirliyin kollektivi, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət zamanı onun qarşısına gül-çiçək və oyuncaqlar qoyaraq, həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.

Guşənin ziyarətçisi olan minlərlə paytaxt sakini dinc əhaliyə qarşı Ermənistanın qəddar əməllərindən heyrətləndiklərini bildirib və insanlığa qarşı olan bu hərbi cinayəti qınayıblar. Ziyarətçilərin çoxsaylı təklifləri, sualları və Azərbaycanla həmrəylik bildirən fikirləri səfirlik əməkdaşları tərəfindən gün ərzində dinlənilir və cavablandırılır.

 

Qulu Kəngərli 

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.