SİYASƏT
İslamabadda keçirilən onlayn konfransda Azərbaycan da iştirak edib
İslamabad, 17 noyabr, АZƏRTAC
İslamabaddakı Qlobal və Strateji Tədqiqatlar Mərkəzi (QSTM) “İnkişaf edən Asiyanın fonunda regional təhlükəsizliyin yaranma strukturu” adlı onlayn konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda Asiyada təhlükəsizlik problemləri, Asiyanın inkişafı ilə meydana gələn regional təhlükəsizlik sistemi ilə bağlı müzakirələr aparılıb.
QSTM-nin tədqiqatlar şöbəsinin rəhbəri, xanım Minahil Şaval Afridi iştirakçıları salamlayıb, konfransın keçirilməsinin məqsədi haqqında məlumat verib.
Pakistan Hökumətinin İnsan hüquqları üzrə federal naziri, doktor Şirin Mazrari regional təhlükəsizlik məsələləri, Hindistanla bağlı son qarşıdurma və digər məsələlər haqqında söhbət açıb.
Pakistanın sabiq xarici işlər naziri Riaz Xusseyn Xoxar, Pakistanın Hindistandakı keçmiş Ali Komissarı, səfir Abdul Basit, İslamabaddakı Kaid-e-Azam Universitetinin doktoru Xafar Navaz Caspal Pakistanın Çin və Hindistanla münasibətləri, həmçinin Çin-Hindistan əlaqələri, regionda təhlükəsizliyin qorunması və digər məsələlər haqqında söhbət açıblar.
Azərbaycandakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Qarabağ münaqişəsində Pakistanın Azərbaycana mənəvi dəstəyini yüksək qiymətləndirib, ölkəmizin Pakistanla müxtəlif layihələr üzrə əməkdaşlığının perspektivlərindən danışıb. O deyib ki, Pakistan regionunda təhlükəsizliyin gücləndirilməsi üçün Əfqanıstan və digər dövlətlər qarşılıqlı inkişaf məqsədilə birgə layihələrdə iştirak etməlidirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad