İDMAN
İslamiada: Qadın həndbolçuların yarışının finalında Azərbaycan və Türkiyə milliləri qarşılaşacaqlar
Bakı, 13 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə bütün finalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinə Azərbaycanın və Özbəkistanın qadın həndbolçularının qarşılaşması ilə start verilib. Milli komandamız rəqibinə asanlıqla - 42:25 hesabı ilə qalib gələrək finala yüksəlib. Qadın həndbolçularımız finalda Kamerun yığmasını 34:18 hesabı ilə məğlub edən Türkiyə kollektivi ilə üz-üzə gələcəklər.
Kişi həndbolçuların yarışında isə ilk finalçı Səudiyyə Ərəbistanı həndbolçuları olub. Səudiyyə Ərəbistanı komandası yarımfinalda İraq yığmasından üstün olub - 28:24. Finala yüksələn digər komanda isə Əlcəzair üzərində 26:22 hesabı ilə qələbə qazanan Türkiyə yığmasıdır.
Kişi və qadın həndbolçular arasında final görüşləri mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.