İDMAN
İslamiada: Suyatullanma yarışlarında atletlərimizdən bir qızıl və bir bürünc medal
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışlarının ikinci günündə Azərbaycan atletləri bir qızıl və bir bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 10 metr hündürlükdən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub. Gümüş medalı indoneziyalı Della Harimurti, bürünc medalı isə Sinem Sağlam aktivlərinə yazdırıblar.
Kişi cütlüklərin yarışında 3 metr hündürlükdən sinxron suyatullanma üzrə Azərbaycan idmançıları Artyom Danilov - Dmitri Sorokin dueti bürünc medala sahib olub. Yarışın qalibi adına iranlı Şahnam Nazarpur - Mojtaba Valipur cütlüyü layiq görülüb. İndoneziya təmsilçiləri Tri Priambodo və Aldiansiah Rafi isə gümüş medalla kifayətləniblər.
Xatırladaq ki, yarışların birinci günündə idmançımız Dmitri Sorokin 3 metr tramplindən suyatullanma üzrə bürünc medala layiq görülüb.