İDMAN
İslamiada: Yunan-Roma güləşçimiz Rafiq Hüseynov gümüş medalla kifayətlənməli olub
Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Mayın 17-də güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Rafiq Hüseynov gümüş medalla kifayətlənməli olub.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov həlledici görüşdə İran idmançısı Yousif Qaderian ilə qarşılaşıb.
İlk hissədə aktivinə 1 xal yazdıran Rafiq Hüseynov görüşün sonunda bu üstünlüyü əldə verib. Rəqib aktivinə 1 cərimə xalı yazdıraraq hesabı bərabərləşdirib və oyunda sonuncu xalı əldə etdiyi üçün qalib elan olunub.
Dəfələrlə Azərbaycan çempionu olan Rafiq Hüseynov 2011-ci ildə Avropa çempionatında birinci yeri tutub. Dünya çempionatının mükafatçıları sırasında da yer alan güləşçimiz 2013-cü ildə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri turnirinin final mərhələsində qızıl medal qazanıb.