ELM VƏ TƏHSİL
“İsmayıl xan Ziyadxanov” monoqrafiyası çapdan çıxıb
Bakı, 28 sentyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “İsmayıl xan Ziyadxanov” adlı monoqrafiya işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın müəllifləri Ənvər Çingizoğlu və Aydın Ziyadxanlıdır.
Kitab Rusiya I Dövlət Dumasının nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri olmuş Adil xan Ziyadxanın böyük qardaşı, siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyəti haqqındadır. Kitabda arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunmuş elmi əsərlərdən faydalanaraq ciddi axtarışlar aparılıb, Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş həmin şəxslə bağlı geniş məlumatlar təqdim edilib.
Tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Şəhla Nurizadə, dosent Mahal Qacar, rəyçiləri isə tarix elmləri doktoru Qasım Hacıyev, dosentlər Pirağa İsmayılzadə və Tofiq Həsənovdur.