REGİONLAR
İsmayıllı: 65 ton quru tütün yarpağının istehsal olunacağı proqnozlaşdırılır
İsmayıllı, 23 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda tütün yarpağının yığımı və qurudulması davam edir və hələlik 17 ton qurudulmuş xam tütün təhvil verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 13 inzibati ərazi dairəsinə məxsus 30 hektar sahədə tütün yetişdirilib. Artıq bir sıra ərazilərdə proqnoz tapşırıqlara tam əməl edilib. Belə ki, Qalınçaqda 4 hektar sahədən 8185 kiloqram, İvanovkada 1 hektardan 2172 kiloqram tütün yarpağı qurudularaq təhvil verilib.
Son illər bölgədə vaxtilə ənənəvi sahə olan tütünçülük inkişaf edir. Ötən il tütün əkilən 8 inzibati ərazi dairəsinin sayı bu il 13-ə çatıb. Ümumiyyətlə, aqrar sektorda aparılan islahatlar, sahibkarlar üçün yaradılan əlverişli şərait İsmayıllı rayonunda da kənd təsərrüfatının digər sahələri kimi tütünçülüyün inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, inişil 42 tona yaxın qurudulmuş tütün yarpağı istehsal olunan rayonda cari mövsümdə bu göstəricinin 65 tona çatacağı proqnozlaşdırılır.