REGİONLAR
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü” qeyd edilib
İsmayıllı, 16 sentyabr, AZƏRTAC
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 12 ixtisas üzrə 700 nəfərə yaxın tələbə təhsil alır. 300 nəfər bu il qəbul olunub. Kollecin ilk buraxılışı 2015-2016-cı tədris ilinə təsadüf edib. Həmin buraxılışdan sonrakı məzunların 50 nəfəri Nazirlər Kabinetinin qərarına əsasən, universitetlərə imtahansız qəbul olunub. Kollecin binası əsaslı təmir edilib, yeni auditoriyalar, laboratoriyalar yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecin direktoru Kəmalə Süleymanlı bu barədə “Bilik günü” münasibətilə keçirilən tədbirdə danışıb. O, ötən illərdə qazanılan çoxsaylı uğurlar barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kollecin müəllim və tələbə heyətini “Bilik günü” münasibətilə təbrik edib, cari dərs ilində qarşıdakı vəzifələrdən söz açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları, hərtərəfli dəstəyi və qayğısı sayəsində İsmayıllı gündən-günə inkişaf edir, əhalinin sosial həyatı yaxşılaşır.
M.Sadıqov tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə İsmayıllı etdiyi səfərdən, açdığı yeni sosial obyektlərdən, Diyallıda, şəhərin Mərkəzi meydanında, İvanovkada insanlarla səmimi görüşlərindən də danışıb. O, bu səfərin İsmayıllı sakinlərində dərin təəssürat yaratdığını deyib.
Sonra qonaqlar auditoriyalarda yaradılan tədris şəraiti ilə tanış olublar.