REGİONLAR
İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunda yaranmış məhdudiyyət aradan qaldırılıb
Bakı, 7 iyun, AZƏRTAC
Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Gecə boyu səhər saatlarınadək aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.