REGİONLAR
İsmayıllı, Şəki, Bərdə və Kürdəmir ərazilərində torpaq mənşəli patogenlərin monitorinqi aparılıb
Bakı, 20 iyun, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “MTF/AZE/007/STF – Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində monitorinq keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, monitorinq CYMMIT–in Ankara ofisinin əməkdaşları Abdelfattah As Dababt və Mustafa İmrenin iştirakı ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycanın İsmayıllı, Şəki, Bərdə və Kürdəmir rayonları ərazisində əsasən nematodlar və “Fuzarium” cinsli göbələklər olmaqla, torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə aparılıb.
Monitorinq müddətində Şəki və İsmayıllı ərazilərindəki suvarılmayan dağlıq/dağətəyi, Bərdə və Kürdəmirin isə suvarılan, düz ovalıq ərazilərinin buğda sahələrindən torpaq nümunələri toplanılıb. Ekspertiza Mərkəzinin laboratoriyalarının əməkdaşlarının iştirakı ilə nümunələrin ilkin işlənməsi aparılıb. Sista əmələgətirən və hərəkətli nematodların aşkarlanması üçün isə torpaqdan nematodların ekstraksiyası yerinə yetirilib. Daha sonra nümunələrdə “Fusarium culmorum” göbələyinin aşkar olunması üçün nümunələrin qidalı mühitdə əkini aparılıb. Bundan başqa, CYMMIT əməkdaşları tərəfindən Ekspertiza Mərkəzinin mütəxəssisləri üçün müxtəlif brifinqlər keçirilib.
Sonra təlimin üçüncü hissəsi kimi torpaq nümunələrindən ekstraksiya olunan nematodlar, göbələklər identifikasiya məqsədilə Türkiyə Respublikasına aparılacaq və Dövlət Fitosanitar Nəzarət Xidməti Respublika Karantin Ekspertiza Mərkəzinin əməkdaşlarının iştirakı ilə identifikasiyası həyata keçiriləcək.