REGİONLAR


İsmayıllı gəncləri Xocalıdan olan məcburi köçkün ailəsində olublar VİDEO

İsmayıllı, 17 noyabr, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin gənc könüllüləri Xocalıdan məcburi köçkün Əliyevlər ailəsinin qonağı olub, tarixi Qələbə münasibətilə onları təbrik edib, ailəyə üçrəngli Azərbaycan bayrağını hədiyyə ediblər.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Əliyevlər ailəsi 1992-ci ildə Xocalının işğalından sonra İsmayıllıya gəlib və o vaxtdan məcburi köçkün həyatı yaşayıb. Ailə o vaxt - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalıda törədilən soyqırımının acısı ilə yaşayır. Bu il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçı qüvvələri üzərində qazanılan Böyük Qələbə ailəyə xüsusi sevinc hissləri yaşadır. Odur ki, Əliyevlər ailəsi gəncləri əsl bayram əhval–ruhiyyəsi ilə qarşılayıb.

Ailənin böyüyü olan İbad Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşı olan baş leytenant İbad Əliyev döyüşlərin sonunadək düşmənlə vuruşub və mayor rütbəsinədək yüksəlib. Onun oğlu Tabil Xocalının müdafiəsi uğrunda döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətə görə 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən ona Milli Qəhrəman adı verilib.

Silahlı Qüvvələrimizin 44 gün ərzində apardığı uğurlu döyüş əməliyyatını böyük həyəcanla, həm də sevinclə izləyən İbad Əliyev bir neçə dəfə cəbhəyə getmək istəyi ilə müraciət də edib. Lakin hər dəfə “darıxma, ehtiyac olarsa çağırarıq” cavabını alıb.

İndi İsmayıllının Tubukənd kəndində yaşayan Əliyevlər ailəsinə o vaxtkı günlərdən yeganə xatirə şəkilləri qalıb və indi onlara qonaq gələn gənclərə bu şəkillərlə bağlı xatirələrini həvəslə danışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.