REGİONLAR
İsmayıllı könüllüləri Gülyan kəndinin yaşlı sakinini ziyarət ediblər
İsmayıllı, 9 mart, AZƏRTAC
İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri “Könüllü qonaq” təşəbbüs ilə Gülyan kəndinin 80 yaşlı tənha sakini Umu Şirinovanı Yel çərşənbəsinin gəlişi münasibətilə ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllü qonaqlar bayram xonçası hazırlayaraq Umu nənəyə baş çəkib, qayğıları ilə maraqlanıblar. Sonra gənclər nənənin evində təmizlik işləri aparıb, bağında abadlıq işləri görüb, güllər əkib, səliqə-sahman işləri həyata keçiriblər. İş prosesi başa çatdıqdan sonra “Könüllü qonaq”lar Umu nənə ilə çay süfrəsi arxasında əyləşərək səmimi söhbətlər ediblər. Bu əsnada yaşlı İsmayıllı sakini öz həyatının bəzi maraqlı hekayələrini gənc könüllülər ilə paylaşıb.
Qeyd edək ki, “Könüllü qonağ”ın ilkin ideyası 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar bütün sahələrdə könüllülük ideologiyasının birmənalı və kütləvi şəkildə tətbiqinin, eləcə də bu istiqamətdə müxtəlif uğurlu layihələrin nəticəsidir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri İsmayıllıda şəhid, məcburi köçkün, tək yaşayan yaşlı, ahıl insanları, xüsusi qayğıya ehtiyacı olan ailələri seçərək tanış olurlar, lazımi dəstək göstərmək istiqamətində lazımi iş aparır.