CƏMİYYƏT
İsmayıllı könüllülərinin birinci ümumrayon toplantısı keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
İsmayıllıda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə könüllülərin birinci ümumrayon toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə tər çiçəklər qoyulub.
Sonra tədbir iştirakçıları rayondakı Mədəniyyət Mərkəzinin foyesində yaradıcı gənclərin əl işləri, rəsm əsərləri və sənətkarlıq nümunələrindən ibarət sərgiyə baxıblar.
Ümumrayon toplantısı dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra aparıcılar könüllülük fəaliyyəti və dövlətimizin başçısının müvafiq Sərəncamı ilə elan olunmuş “Könüllülər ili” barədə məlumat veriblər.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək rayonda gənclərlə aparılan hərtərəfli fəaliyyətdən danışıb.
Sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. Qeyd edib ki, Azərbaycan könüllüləri ölkəmizdə irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə artıq ümummilli hərəkata və gəncliyimizin həyat tərzinə çevrilən könüllülük fəaliyyətinin daha geniş miqyas almasına, bir çox sahələri əhatə etməsinə təkan verib.
Bu könüllülük hərəkatı İsmayıllıda da çoxsaylı tərəfdarlarını ətrafına toplayıb. Rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov respublikada könüllülük fəaliyyəti barədə danışıb, həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
İsmayıllı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, fəal könüllü İsmayıl Faxtiyev, 2016-cı il Aprel döyüşlərinin könüllü döyüşçüsü Zeynal Adgözəlov və başqaları çıxış edərək Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb, könüllülük fəaliyyətinin gənclərin inkişafındakı rolunu vurğulayıblar.
Sonra bir qrup gəncə sertifikatlar təqdim olunub.
Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanmış müraciət oxunub.