İsmayıllı rayon sakinindən narkotik vasitə və odlu silah götürülüb
AzerTAg.az
Bakı, 13 fevral, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Topçu kənd sakini Elşən Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin kənd ərazisində yaşadığı ünvana baxış keçirilən zaman şüşə və plastik qablarda 1 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana, həmçinin müvafiq sənədləri olmadan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və həmin silaha aid 10 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var