REGİONLAR
İsmayıllı rayonunda 30 min 400 hektar sahədə payızlıq taxıl səpini gözlənilir
İsmayıllı, 12 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda payızlıq taxıl səpininə mütəşəkkil hazırlıqla başlanıb və qısa vaxtda 1000 hektardan çox sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 26 min hektarda şum çıxarılıb və bu iş davam etdirilir. Ötən il hər hektardan 35,2 sentner taxıl götürən fermerlər və fiziki şəxslər növbəti ildə də əldə olunan məhsuldarlığı qoruyub saxlamaq məqsədilə payızlıq əkinin yüksək aqrotexniki qaydada aparılması üçün maksimum səy göstərirlər. Hər yerdə səpin mütəxəssislərin nəzarəti altında keyfiyyətli toxumla aparılır, səpinlə birlikdə mineral gübrələrdən istifadə edilir. Hazırda sahələrdə 50-60 səpin aqreqatı işləyir. Rayonun şimal dağlıq zonasında yerləşən Müdiri, Sulut və Xankəndi kəndlərində artıq bir neçə günə əkin yekunlaşıb.
Taxılçılar oktyabrın sonunadək səpinin başa çatdırılması üçün bütün qüvvələrini səfərbərliyə alıblar.