MƏDƏNİYYƏT
İsmayıllı rayonunda “Turizm ili” çərçivəsində tədbirlər keçirilmişdir
Bakı, 23 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı cari ilin 20 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq bölgələrdə genişmiqyaslı tədbirlər keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsmayıllı rayon mədəniyyət və turizm, gənclər və idman şöbələrinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonda gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bu Vətən bizimdir” adlı turist düşərgələri təşkil edilmişdir.
“Turizm ili” çərçivəsində rayonda keçirilən digər tədbir rayon mədəniyyət və turizm şöbəsinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) birgə təşkilatçılığı ilə İTV-nin “Yeni gün” proqramında canlı yayımlanmışdır. Tamaşaçılara folklor və xalq tətbiqi sənəti nümunələri, rayonda aparılan quruculuq işləri, turizmin inkişafı və “Sənətkarlıq paytaxtları” proqramı çərçivəsində görülmüş işlər barədə məlumat verilmiş, respublikamızın sənət adamları konsert proqramı ilə çıxış etmişlər.