REGİONLAR


İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatı və turizmin inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən layihələr çərçivəsində Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, cari ildə İsmayıllı rayonu ərazisində 4 minədək əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına başlanılıb. Bu, uzunluğu 13 kilometr olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması layihəsidir.

İki yaşayış məntəqəsi olan Gideyli və Kürd Eldarbəyli kəndlərinə rahat gediş-gəlişi təmin etmək məqsədilə torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılır, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Torpaq işlərinə paralel olaraq, yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi üçün mövcud dəmir-beton borular bərpa olunur, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Daha sonra layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yol əsasının inşası və yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək.

Ümumilikdə, tikinti işlərinin aparılacağı ümumi sahə 130 min kvadratmetrdən çoxdur. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması 3 mindən artıq əhalisi olan 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.