REGİONLAR
İsmayıllı rayonunun büdcəsinin gəlirlər hissəsi artıqlaması ilə icra olunub
İsmayıllı, 17 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda doqquz ayda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 162 milyon 366 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29 milyon 60 min manat və ya 21,8 faiz çoxdur. Artım sənayedə 2,6 faiz, kənd təsərrüfatında 2,9 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə təşkil edib. Əsas kapitala investisiya qoyuluşu 2,4 dəfə artaraq 44 milyon 320 min manat təşkil edib. 12 milyon 353 min manat dəyərində əsas fondlar istifadəyə verilib ki, bu da əvvəlki ilin eyni dövründəkindən 2,8 dəfə çoxdur. Doqquz ayda rayon büdcəsinin gəlirlər hissəsi 4 milyon 627 min manata qarşı 4 milyon 704 min manat icra olunub.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər İsmayıllıda keçirilən doqquz ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsində, eləcə də çıxışlarda tikinti-quraşdırma, kənd təsərrüfatı və sosial sahələrdə görülən işlər geniş təhlil olunub. Bildirilib ki, Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundzadə küçəsində iki doqquzmərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3000 ton tutumu olan soyuducu kameranın tikintisi başa çatıb, iki kamerada məhsul qəbuluna başlanılıb. Qalan sahələrdə işlər davam edir. Şəhərin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucunun işləyəcəyi xalçaçılıq müəssisəsinin inşası yekunlaşıb. Hazırda obyektin həyətində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Məruzə və çıxışlarda aqrar sektorda qazanılan nailiyyətlər, eləcə də heyvandarlıq, bitkiçilik sahələrinin, o cümlədən tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişaf etdirilməsi yolları ətraflı müzakirə olunub. Qeyd olunub ki, bu il tütün əkini sahələri 15 hektara çatdırılıb. İndiyədək 12 tondan çox qurudulmuş tütün təhvil verilib. 120 qutu ipəkqurdu yetişdirən və 2848,8 kiloqram barama istehsal edən 50 ailə 24 min 438 manat gəlir götürüb. 601,2 hektar sahədə fındıq bağı salınıb ki, bunun 142,5 hektarı bu ilin yaz mövsümündə əkilib. İlin sonunadək daha 750 hektarda fındıq bağının salınması istiqamətində iş aparılır.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində görülən tədbirlərdən də danışılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamlara əsasən, Lahıc qəsəbəsinin qazlaşdırılması təmin olunacaq, kənddə 400 şagird yerlik ümumtəhsil məktəbi üçün bina inşa ediləcək, Şamaxı rayonunun Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən 22 kilometrlik Dəmirçi-Lahıc avtomobil yolu tikiləcək.
Yığıncaqda turizmin inkişafı istiqamətində görülən işlərin uğurlu nəticələrindən də bəhs olunub. Vurğulanıb ki, bu ilin doqquz ayı ərzində bölgəyə 100 min nəfərə yaxın turist gəlib. Onların 13 min nəfərdən çoxu xarici turistlərdir. Hazırda Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otelin, Tircan kəndi yaxınlığında Bədo istirahət, müalicə və sanatoriya mərkəzinin tikintisi davam etdirilir.
Müzakirələrdə turizmin, eləcə də iqtisadiyyatın ayrı-ayrı sahələrində görüləcək işlər geniş müzakirə olunub.