REGİONLAR
İsmayıllı şəhərində qarın qalınlığı 30, şimal dağlıq ərazilərdə isə 40 santimetrə çatır VİDEO
İsmayıllı, 20 yanvar, AZƏRTAC
İsmayıllıya güclü qar yağıb. Yanvarın 19-u səhər saatlarından başlayan sulu qar sonradan qarla müşahidə olunub. Yağan qarın qalınlığı şəhər ərazisində və cənub ərazilərdə 30, şimal dağlıq ərazilərdə isə 40 santimetrə çatıb. Qarın yağması özünəməxsus gözəllik yaradıb. Meşələrin qarlı mənzərəsi də göz oxşayır. Qar, həmçinin payızlıq taxıl sahələrində zərərvericilərə qarşı əsl dərmandır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağan qar rayonda su, qaz və rabitə sahəsində elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranan kəsilmələr qısa müddətdə bərpa edilib.
Qarlı hava şəraiti İsmayıllının avtomobil yollarında hərəkətin intensivliyinə də öz təsirini göstərib. Yanvarın 19-u gecədən etibarən rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar “9 saylı Yol İstismarı” MMC tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır. Yollara duz və qum qarışığı səpilir. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib.
Qeyd edək ki, bəzi kənd yolları, o cümlədən Dəmirçi-Lahıc yolu hazırda avtomobillərin hərəkəti üçün təhlükəlidir.