REGİONLAR
İsmayıllı şəhərini bəzəyən əsər FOTO VİDEO
İsmayıllı, 19 fevral, Adil Ağayev, AZƏRTAC
Polşalı rəssam Natalia Rakın “Gül sulayan qız” adlı əsərinin bənzəri İsmayıllıda yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Əbülhəsən Ələkbərzadə küçəsində rəssam Rufan Abbasovun Qarabağ əlilləri və şəhid ailələrinin yaşadıqları dördmərtəbəli yaşayış binasının yan fasadında 13.2 metr x 12.8 metr ölçüdə yaratdığı əsər rayon sakinlərinin və İsmayıllı şəhərinə gələn qonaqların böyük marağına səbəb olub.
Əsərdə ideya və məzmun baxımından dəyişiklik olunaraq, bir neçə məna ümumiləşdirilib, buta təsvirləri ilə bəzədilmiş milli geyimli, saçı hörüklü və əlində Lahıc misgərlik sənət nümunəsi olan səhəng tutan balaca azərbaycanlı qız təsvir edilib. Rufan Abbasov əsərdə ilk baxışdan həmin qızcığazın gülləri, çiçəkləri suvarmasını təsvir etsə də, əsas mənanı suvarılan “Xarı bülbül”də gizlətmişdir. Rəssam bu işi ilə əslində hər kəsə ən böyük əsəri məhz Vətən müharibəsində Azərbaycan əsgərinin yaratdığı fikrini çatdırır, Şuşaya və xarı bülbülə qovuşmağımızı əks etdirir.
Həmçinin yeni inşa edilmiş 100 yerlik uşaq bağçası binasının yaxınlığında çəkilən əsər rayonun balaca sakinlərində rəssamlıq sənətinə maraq oyatmaq, təbiəti və gül-çiçəkləri qorumaq məqsədi daşıyır.
Bu sənət nümunəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin sifarişi əsasında, bölgədə turizm sahəsinin inşafına yönəlmiş addım olaraq reallaşdırılıb. Həmin ərazidə abadlıq işləri aparılıb, oturacaqlar quraşdırılıb.