CƏMİYYƏT
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində dekabrın 8-də saat 10:00-dan 13:00-dək bir qrup vəkil tərəfindən İsmayıllı rayonundakı Mərkəzi Uşaq Kitabxanasında ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsini təşkil etmək tövsiyə olunub. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil ediləcək.