REGİONLAR
İsmayıllıda 102 min 245 ton taxıl istehsal olunub
İsmayıllı, 3 avqust, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini kampaniyası uğurla başa çatıb, zəmilərdən102 min 245 ton məhsul götürülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə rayonda 28 min 249 hektarda məhsul yetişdirilib. Bunun 21 min 609 hektarı buğda, 6 min 600 hektarı isə arpa olub. Zəmilərin hər hektarından orta məhsuldarlıq 36,1 sentner təşkil edib ki, bu da ötənilki göstəricidən 1,64 sentner çoxdur.
Bir sıra təsərrüfatlarda, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Qalagah, Soltankənd, Mollaisaqlı, Hacıhətəmli, Ruşan və Zərnava ərazilərində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar. Xüsusilə Qubaxəllil, Gəraybəyli və Mollaisaqlı kəndlərindəki bəzi təsərrüfatlarda məhsuldarlıq 55-60 sentnerə çatıb.
Qeyd edək ki, bu il İsmayıllıda 137 hektarda çovdar da yetişdirilmişdi. Torpaq mülkiyyətçiləri hər hektardan 36,6 sentner olmaqla 419,2 ton məhsul götürüblər.