İsmayıllıda 10 min 200 hektar sahədə payızlıq taxıl əkilib
AzerTAg.az
İsmayıllı, 30 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda payızlıq taxıl səpini davam edir və artıq 10 min 200 hektarda əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 30 min hektarda payızlıq taxıl əkini nəzərdə tutulub. Artıq 29 min hektarda şum çıxarılıb və bu iş davam etdirilir.
Əkində yüksək kondisiyalı toxumlardan istifadə olunur, səpin fosforlu gübrə ilə birlikdə aparılır. Fermerlər və fiziki şəxslər payızlıq əkinin aqrotexniki qaydada aparılması üçün maksimum səy göstərirlər. Bu mühüm kampaniya hər yerdə mütəxəssislərin nəzarəti altında davam etdirilir. Hazırda hər gün sahələrə 100-dək texnika çıxarılır. Rayonun şimal dağlıq zonasında yerləşən Sulut və Xankəndi kəndlərində artıq əkin başa çatıb. Qoşakənd, Quşencə, Təzəkənd ərazilərində isə bu iş yaxın günlərdə yekunlaşacaq.


Xəbərin mətnində orfoqrafik səhv var