REGİONLAR
İsmayıllıda 27 baş zubr vəhşi təbiətə buraxılıb - REPORTAJ VİDEO
İsmayıllı, 15 mart, Rəşad Türkoğlu, AZƏRTAC
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 27 baş zubr vəhşi təbiətə buraxılıb. Bununla da Avropadan ölkəmizə gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə buraxılan zubrların sayı 41 başa çatıb.
AZƏRTAC xəbər verir ki, zubrların adaptasiya dövründən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılmasını izləmək üçün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və WWF-nin Azərbaycanın nümayəndələri, məktəblilər, yerli sakinlər və təbiətsevərlər toplaşmışdılar. Onlar əvvəlcə zubrlar və maralların volyer şəraitində saxlanıldığı, adaptasiya dövrünü keçməsi üçün inşa edilən komplekslə tanış olub, bu heyvanların ilkin mərhələdə qəbul etdikləri qida məhsullarına baxış keçiriblər.
Sonra qonaqlar zubrların Şahdağ Milli Parkının ərazisinə buraxılmasını izləyiblər.
Şahdağ Milli Parkının direktor əvəzi Nizaməddin Tağıyev bildirib ki, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış sazişə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiyası, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün 2019-cu ilin may ayından bu günədək Almaniya, Belçika, Niderland zooparklarından ölkəmizə gətirilən zubrlar ilkin mərhələdə Şahdağ Milli Parkının İsmayıllı bölməsində bir müddət volyer şəraitində saxlanılıb. Adaptasiya dövrünü keçdikdən sonra heyvanlar Şahdağ Milli Parkının ərazisinə buraxılıb.
WWF-Azərbaycanın əməkdaşı, Avropa zubrunun Azərbaycana reintroduksiya layihəsinin milli koordinatoru Zeynəb Seyidova isə layihənin 2028-ci ilə qədər davam etdirilməsinin və zubrların sayının 100 başa çatdırılmasının nəzərdə tutulduğunu deyib: “Layihənin məqsədi bir zamanlar təbiətimizdə mövcud olan bu canlını yenidən təbiətə qazandırmaqdır. Tarixçilərin sözlərinə görə, vaxtilə Azərbaycan xanları Talış meşələrində kəl ovlayardılar. Güman olunur ki, həmin kəl Qafqaz xəttinə mənsub olan Avropa zubrudur. Hazırda bizim təbiətimizdə Qafqaz xəttinə mənsub Avropa zubru qalmayıb. Ona görə də ölkəmizə Avropa zubru gətirilməmişdən öncə bu heyvanların qanında genetik analiz aparılır, onun Qafqaz xəttinə mənsub olduğu təsdiqləndikdən sonra Azərbaycana gətirilir. Məqsəd bu heyvanları meşələrimizə qaytarmaqdır. Hazırda Şimali Qafqazda Avropa zubrunun sərbəst populyasiyaları mövcuddur. Ümid edirik ki, gələcəkdə Cənubi və Şimali Qafqaz arasında koridor yaranar, heyvanlar sərbəst şəkildə miqrasiya edə bilər”.
Xatırladaq ki, zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir. Zubrların Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.
Şahdağ Milli Parkının İsmayıllı bölməsində olan qonaqlar daha sonra ərazidə meşəcinsli ağacların əkilməsi aksiyasına qoşulublar. Bayram günlərini nəzərə alan Şahdağ Milli Parkının rəhbərliyinin təşkilatçılığı ilə xüsusi ərazidə tonqal qalanıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Kosa və Keçəlin zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb, Bahar qızın çıxışı maraqla qarşılanıb.