REGİONLAR
İsmayıllıda “Birlik və inkişaf modeli olan azərbaycançılıq” layihəsi çərçivəsində tədbir keçirilib
İsmayıllı, 19 noyabr, AZƏRTAC
“Sosial-iqtisadi və ekoloji inkişaf” İctimai Birliyi İsmayıllıda rayon icra hakimiyyəti ilə birlikdə “Birlik və inkişaf modeli olan azərbaycançılıq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova azərbaycançılıq ideologiyasının əsaslarının daha dərindən öyrənilməsi və geniş təbliğinin dövlətimizin inkişafı və möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
İctimai Birliyin sədri Rahilə Mehdiyeva tədbirdə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edib. Məruzəçi layihə haqqında məlumat verərək bildirib ki, əsas məqsəd azərbaycançılıq ideologiyasının əsasları və əhəmiyyətinin tədris müəssisələrində, ictimaiyyət arasında geniş təbliğ olunmasıdır.
Sonra İctimai Birliyin təlimçisi İlqar Nəsirov, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, dövlət qulluğu veteranı Valeh Salehov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası, bu ideologiyanın təbliği və inkişafı ilə bağlı fikirlərini söyləyiblər.
Tədbir müzakirələrlə davam edib.