REGİONLAR


İsmayıllıda COVID-19-a qarşı vaksinasiyaya başlanıldı VİDEO

İsmayıllı, 19 yanvar, R.Türkoğlu, AZƏRTAC

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 4 xüsusi vaksin otağı, o cümlədən peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Vidadi Rəhimov bildirib ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini Azərbaycana, o cümlədən İsmayıllıya da gətirilib: “Rayonumuzda ilk növbədə, mən peyvənd olundum. Artıq yarım saat vaxt keçib, özümü yaxşı hiss edirəm, heç bir yan təsiri yoxdur. Bu xəstəlikdən yeganə qurtuluş yolu kütləvi vaksinasiyadan keçməkdir. Əhalini peyvənd olunmağa dəvət edirəm”.

Direktor müavini Abdullətif Maqsudov vaksinasiya ilə əlaqədar xəstəxanada lazımi şəraitin yaradıldığını vurğulayıb. “İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri, eləcə də yaşı 65–dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvəndlənəcəklər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Peyvəndin əks təsirinin olmadığını bilən tibb işçiləri ilk olaraq bu aksiyaya özləri könüllü qoşulublar. Qeyd edək ki, rayonda 715 tibb işçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.