REGİONLAR
İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb VİDEO
İsmayıllı, 17 sentyabr, Adil Ağayev, AZƏRTAC
İsmayıllıda qeyri-neft sektorunun inkişafına töhfə verməklə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə kömək göstərilməsi məqsədilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb. Bununla əlaqədar sentyabrın 17-də təsis konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qala” gənclər sarayında sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqəli olan müvafiq qurumların nümayəndələrinin, fermerlərin, sahibkarların iştirakı ilə keçirilən konfransı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. İcra hakimiyyətinin başçısı ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitlik və uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramı çərçivəsində görülən işlər, həyata keçirilən layihələr digər bölgələr kimi, İsmayıllı rayonunda da dinamik inkişafı təmin edib.
M.Sadıqov ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq, bu sahədə son illər İsmayıllı rayonda da xeyli uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən mütəmadi olaraq sahibkarların problemləri öyrənilir, onların qaldırdıqları məsələlərin həllinə əməli kömək göstərilir.
Təsis konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru professor Əli Nuriyev “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, respublikamızda qeyri-neft sektorunun inkişafı prioritet məsələdir və son illər İsmayıllıda təkcə sənaye istehsalı 3,5 dəfə artıb. Sənaye məhsullarının da 68 faizi özəl sektorun payına düşür. İndi regionlarda yeni, bilikli sahibkarlar nəslinin yetişdirilməsi özəl sektorun, o cümlədən aqrar sahənin inkişafında mühüm dönüş üçün çox zəruridir.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova təsərrüfatın idarəçiliyinin hələ qədim zamanlardan aktuallıq kəsb etdiyini, bu işlə məşğul olanların bilik səviyyələrinin yüksək olmasının zəruriliyini vurğulayaraq deyib ki, bu gün İsmayıllıda təsis edilən “Gənc təsərrüfatçılar məktəbi” digər bölgələr üçün də nümunə ola bilər.
Digər çıxışlarda da ictimai əsaslarla təsis edilən “Gənc təsərrüfatçılar məktəbi”nin nəinki təkcə sahibkarlıq fəaliyyəti üçün peşəkar kadrların yetişməsi, habelə orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərin məşğuliyyəti baxımından böyük əhəmiyyəti vurğulanıb.
Daha sonra “Gənc təsərrüfatçılar məktəbi”nin fəaliyyəti ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən əməkdaşlıq sazişi imzalanıb. Saziş heç bir tərəfin üzərinə maliyyə və ya digər maddi öhdəlik qoymamaqla, məktəbin fəaliyyətinin təşkilində göstərəcəkləri köməyi müəyyənləşdirir, əməkdaşlıq niyyətlərini təsdiqləyir. Bununla da məktəbin ictimai əsaslarla fəaliyyəti təmin olunur.
Konfransda, habelə məktəbin gələcək fəaliyyəti, müdavimlərin seçimi, müəllim kontingentinin formalaşdırılması və digər məsələlər də ətraflı müzakirə edilib.
Sonda təsis konfransının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.