REGİONLAR
İsmayıllıda Gənclər Günü qeyd olunub
İsmayıllı, 31 yanvar, AZƏRTAC
İsmayıllıda 2 Fevral - Gənclər Günü təntənəli şəkildə qeyd olunub. Tədbirdə rayonun fəal gəncləri, yüksək bal toplayaraq universitetlərə qəbul olunan və qızıl medallı tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Şəhər Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində gənclərin əl işlərindən, yaradıcılıq nümunələrindən təşkil edilən sərgiyə baxış olub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Gəncləri Günü münasibətilə iştirakçıları təbrik edib, rayonun, doğma Azərbaycanın inkişafında onlara yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. İsmayıllı gəncləri də dövlət- gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.
Bayram tədbirində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov vurğulayıb ki, İsmayıllı gəncləri bölgənin sosial-iqtisadi, ictimai-mədəni həyatında üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirir, təhsildə, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində fəallıq nümayiş etdirirlər.
Əməkdar müəllim Şəfaqət Rəsulov, ziyalılar Tacəddin İbadov, Aytac Ziyadxanlı, YAP rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə və başqaları gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə göstərdikləri səylərdə, təhsildə, hərbi vərdişlərə yiyələnməkdə yeni-yeni uğurlar arzulayıblar.
Sonra bir qrup fəal gəncə fəxri fərman və hədiyyələr verilib, Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqəsi təqdim olunub.
Sonda gənc musiqiçilərin ifasında bayram konserti olub.