ELM VƏ TƏHSİL
İsmayıllıda “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirə oxunub
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq silsilə tədbirlər keçirir. Belə ki, martın 19-da İsmayıllı Peşə Tədris Mərkəzində (İPTM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mətanət Şəkixanovanın “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirəsi təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, bu qurumun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İPTM-nin direktoru Zaur Muradov gənclərin peşə seçiminə diqqətlə yanaşmalarının vacibliyini vurğulayıb. Peşəkar kadrların hazırlanmasında nəzəriyyə və təcrübənin birgə tətbiqinin təsirindən danışan Z.Muradov Bilik Fondunun həyata keçirdiyi maarifləndirici tədbirlərə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova mayın 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd ediləcəyini xatırladıb. Bildirilib ki, Prezident İlham Əliyev “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. 100 il əvvəl yaradılan respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva təmsil etdiyi qurumda həyata keçirilən, müəllifi olduğu layihələrdən danışıb.
İsmayıllı Bilik Evinin rəhbəri Sevinc Əliyeva Cümhuriyyət yaradıcılarının ictimai və siyasi fəaliyyətlərinin təbliği, təşviqi ilə bağlı görülən işlərdən bəhs edib, gələcəyin daha gözəl qurulmasında keçmişin danılmaz rolu olduğunu vurğulayıb.
Mühazirəçi M.Şəkixanova müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Vətənimizin qeyrətli oğulları tərəfindən son dərəcə çətin, ağır bir dövrdə, mürəkkəb daxili və xarici şərtlərə baxmayaraq yaradıldığını deyib. Cümhuriyyətin Azərbaycan tarixindəki yerinə və yarandığı dövrün siyasi-fəlsəfi aspektlərinə toxunan alim qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, irqi, milli, dini bərabərsizliklərin ləğv edildiyini, ana dilinə dövlət dili statusu verildiyini, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini faktlarla açıqlayıb.
Məktəbin kitabxanasına Bilik Fondu adından Cümhuriyyət tarixini əks etdirən kitablar hədiyyə olunub.
İsmayıllı Bilik Evinin dinləyiciləri və yerli gənclər üçün “Parisdən məktublar” sənədli filmi nümayiş etdirilib.