REGİONLAR
İsmayıllıda “Mədəniyyətimizin beşiyi - Şuşa” adlı tədbir keçirilib
İsmayıllı, 26 aprel, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Mədəniyyətimizin beşiyi - Şuşa” adlı tədbir keçirilib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Regional mədəniyyət idarəsinin mətbuat katibi Nurtən Əkbərli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədbir iştirakçıları əvvəlcə mədəniyyət mərkəzinin foyesində Şuşada anadan olan və yaşayıb-yaradan incəsənət xadimlərinin fotolarından ibarət sərgiyə, Şuşa mövzusunda çəkilən rəsm əsərlərinə, Şuşa mətbəxinin nümunələrinə baxış keçiriblər.
Tədbirin bədii hissəsində mədəniyyət paytaxtı olan Şuşa ilə bağlı ətraflı məlumat verilib, Şuşada yaşayıb-yaradan görkəmli incəsənət xadimlərinin əsərlərindən ibarət musiqi nömrələri, teatr səhnələri təqdim edilib. Daha sonra “Muğam” televiziya müsabiqəsinin laureatları Mirələm Mirələmovun, Nisbət Sadrayevanın, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayevanın, Rövşən Teyyubovun ifalarında musiqi nömrələri səsləndirilib.