REGİONLAR


İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub

İsmayıllı, 22 iyul, AZƏRTAC 

XIX əsrin ortalarında Azərbaycanda gedən siyasi-iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdı. Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazdırıb. Cəmi iki il fəaliyyət göstərən və 56 nömrəsi çapdan çıxan, öz mütərəqqi ideyaları ilə Rusiya hakim dairələrini narahat etdiyi üçün bağlanan “Əkinçi” qəzeti qabaqcıl ideyaları təbliğ edib, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırıb, onların ictimai-siyasi və bədii düşüncəsinin inkişafına güclü təsir göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər iyulun 22-də İsmayıllıda Milli Mətbuat Günü münasibətilə keçirilən görüşdə səsləndirilib. Bir qrup jurnalistin, ziyalının, veteranın və gəncin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək “Əkinçi” ilə dünyamıza gələn milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Qeyd olunub ki, ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən milli mətbuatımızın inkişafında da əsaslı dönüş yaranıb. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüb.

Vurğulanıb ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bütün bunların Prezident İlham Əliyevin daim diqqətində olduğunu deyən çıxışçılar bu gün milli mətbuatımızın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında oynadığı roldan, qlobal informasiya məkanındakı fəaliyyətindən danışıblar.

Görüşdə bir qrup mətbuat işçisi mətbuat sahəsində səmərəli fəaliyyətinə görə və Milli Mətbuat Günü münasibətilə rayon icra hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.